Əməkdaşlarımız beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
9 dekabr 2025-ci il tarixində əməkdaşlarımız Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfransda iştirak ediblər. Konfrans ümumi təhsildə keyfiyyətin artırılması istiqamətində islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsinə həsr olunub.
Konfrans çərçivəsində London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi və İdarəedilməsi üzrə dosenti Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev isə “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda məruzə ilə çıxış edib. Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou inspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb inkişafına verdiyi töhfələrdən bəhs edib.
Konfransın əsas məruzəçiləri sırasında yer alan əməkdaşımız Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət monitorinqlərinin rolu” mövzusunda çıxış edib. Məruzədə məktəb liderliyinin əhəmiyyəti, beynəlxalq elmi yanaşmalar, Azərbaycanda aparılan keyfiyyət monitorinqləri, monitorinq nəticələrinin məktəb liderliyinə təsir mexanizmləri, eləcə də mövcud çətinliklər və mümkün həll yolları təqdim olunub.
Konfrans panel müzakirələri və vörkşoplarla davam edib. Əməkdaşımız Aysel Əzimovanın moderatorluğu ilə keçirilən panel müzakirələrdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və dayanıqlı inkişaf yanaşmaları üzrə müzakirələr aparılıb. Vörkşoplar çərçivəsində məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair müzakirələr və praktiki fəaliyyətlər həyata keçirilib.